Добавить в цитаты Настройки чтения

Страница 25 из 83

Qəza rəisi aşağıdakıları təklif etmişdir: 1) Andranikin və onun hərbi dəstələrinin Qarabağdan çıxarılması, 2) Azərbaycanın dövlət hakimiyyətini qəbul edən kasıb erməni əhalisinə ərzaqla yardım göstərilməsi, 3) Münaqişədə olan kəndlər arasında polis gözətçi məntəqələri yaradılması, 4) Araqarışdıran erməniləri əhali özü kənddən çıxarsın.

Zəngəzurun qəza rəisi Camal bəy Sultanov çıxışında demişdir ki, Andranik Ararat respublikasından xüsusi göstəriş alır, ingilis nümayəndəliyi isə ona hərbi yardım göstərir və ona bu məqsədlə iki milyon manat pul vermişdir. O, qeyd etmişdi ki, Zəngəzur qəzasında 166 Azərbaycan kəndi dağıdılmışdır. Burada 37000 azərbaycanlı yaşayırdı. Qaçqınlıq zamanı azərbaycanlıların 30 faizi var-dövlətini itirmişdir və dağılmış Azərbaycan kəndlərində ermənilər yaşayırlar. Dörd kənd isə ermənilərin hakimiyyəti altındadır. Qəza rəisi daha sonra aşağıdakı faktları açıqlamışdır:1-ci sahədə 20 kənd ermənilər tərəfindən yandırılıb. Bunu ingilis missiyasının mayoru Qibbon da təsdiq etmişdir. Zəngəzurdan didərgin düşmüş Azərbaycan qaçqınları özlərinə məxsus əmlaklarının böyük hissəsini itirmişlər.Andranikin dəstəsində 400-500 adam vardır. O, istəsə ingilislərin icazəsi ilə səfərbərlik elan edə bilər.Bu təkliflərə əlavə olaraq B.M.Abbasov bildirmişdir ki, Zəngəzur xəznədarında 400 atlı və 600 piyada qoşununa hazırlıq görür. Onun qoşunu Qatar zavodunda yerləşir.Andranikin Ararat Respublikası ilə əlaqəsi Sisyan vasitəsi ilə həyata keçirilir(6, v.12).

Göründüyü kimi, Azərbaycan hökuməti hadisələrə obyektiv yanaşmış, milli ədavəti dinc yolla nizama salmağa çalışmış, erməni və azərbaycanlı qaçqınlarına münasibətdə heç bir fərq qoymamışdır. Lakin ingilislərin ikiüzlü siyasəti üzə çıxmışdır. Andranikə və onun quldur dəstəsinə qarşı ciddi tədbirlər görülməsi ön plana çəkilmişdir.

Şuşa qəza rəisi Abış bəy Qalabəyov çıxış edərək bildirmişdir ki, ikinci azərbaycanlı alayı Şuşa qalasına gələndən sonra vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişmişdir. Lakin ingilislər bu alayın gəlməsindən narazı qalmışlar. Qorxuya düşmüş ermənilər ayrı-ayrı yerlərdə iclaslar keçirirlər. Əgər ermənilər əvvəlcə müstəqil Qarabağ dövləti yaratmaq uğrunda mübarizə aparırdılarsa, indi Qarabağı Ermənistana birləşdirmək istəyirlər. Hətta onlar bu məqsədlə Ararat respublikasına göndərilmək üçün nümayəndə heyəti də seçmişlər.

O, demişdir ki, Şuşa qəzasının erməni başçıları gələcəkdə də Ermənistandan və Rusiyadan aldıqları maddi yardımla Qarabağ uğrunda mübarizəni davam etdirməyi planlaşdırmışlar. Buna görə də qəza rəisi aşağıdakıları təklif etmişdir:Şuşa qəzasında araqarışdıran Sokrat bəy və onun əlaltıları qəzadan çıxarılsın; Azərbaycanın Dövlət hakimiyyətini tanımayan erməni məmurlarına əmək haqqı verilməsi dayandırılsın; Şuşa şəhərinin erməni başçıları işləmədiyi üçün onların öz vəzifələrindən azad edilməsi məsələsi qaldırılsın (7, v.12). Bu axırıncı təklifə əlavə olaraq çıxış edən Kərim ağa Mehmandarov Şuşa şəhər idarəsinin yarıtmaz olduğunu qeyd etmiş və bildirmişdir ki, mən bu məsələni Bakı şəhər duması qarşısında qaldırmışam. Lakin yaxın gələcəkdə bələdiyyə seçkiləri keçiriləcəyi nəzərə alınaraq seçkilərə qədər bu məsələnin müzakirəsini təxirə saldılar.

Məruzədən belə məlum olur ki, Yuxarı Qarabağ məsələsini qaldıran yerli ermənilər deyil, əslində Ermənistan Respublikası və Daşnaksütun partiyasının buradakı emissarları olmuşdur. Həmçinin, məruzədə bu fikir də təsdiq olunur ki, Azərbaycan hökuməti az da olsa ciddi bir tədbir görən kimi ermənilər öz taktikalarını dəyişməyə məcbur olurlar, ingilislərin və Rusiyanın köməyinə üz döndərirlər.

Cəbrayıl qəzasından gələn nümayəndə öz çıxışında bildirmişdir ki, 28 kəndin 3-də ermənilər yaşayır. Burada da erməni-Azərbaycan münasibətləri gərgin vəziyyətdədir. Erməni kəndlərinin nümayəndəsi Artyom Lalayev və Cəbrayıl qəza rəisinin müavini Hacıbəyov bu gərgin münasibəti aradan qaldırmaq üçün görüşüb söhbət aparmışlar. Lakin bununla belə, Arakel kəndinin erməniləri azərbaycanlıların daha çox toplaşdığı bazara xaincəsinə hücum etmişlər. Çıxış edən nümayəndə axırda Andranikin və onun qaniçən quldur dəstəsinin Zəngəzur bölgəsindən çıxarılması təklifini irəli sürmüşdür. Müşavirədə öz ev-eşiyini tərk etmiş qaçqınları zəruri ərzaqla təmin etmək və erməni-Azərbaycan münasibətlərini dinc yolla nizama salmaq üçün əhali içərisində təbliğat işinin gücləndirilməsi məsələləri də müzakirə edilmişdir.

Xosrov bəy Sultanovun yanında keçirilən müşavirədə qarın yatalağı xəstəliyinə tutulmuş erməni qaçqınları üçün münasib binanın ayrılması haqqında məsələyə toxunularaq, bildirmişdir ki, hələlik xəstələr öz əvvəlki yerlərində qalsınlar, ermənilərin və ingilis missiyasının nümayəndələri ilə birgə müşavirə keçiriləndən sonra həmin xəstələr müvafiq yerlərə köçürüləcəkdir. (8, v.13).



Qısa fasilədən sonra yenə həmin gün general-qubernatorun yanında müşavirə öz işini davam etdirmişdi. Bu müşavirə öz tərkibinə görə daha geniş idi. Müşavirədə Xalq Səhiyyə Nazirliyinin nümayəndəsi C.Lənbaranski, Ərzaq Nazirliyinin nümayəndəsi Selezniyov, Poçt və Teleqraf Nazirliyinin nümayəndəsi Şapalov çıxış etmişdilər. Axundov çıxış edib bildirmişdir ki, ərzaq hazırlığı və ərzağın paylanması general-qubernatorun səlahiyyətinə aiddir.

Xosrov bəy Sultanov bildirmişdir ki, əhalini taxılla təmin etmək üçün yerinə yetirilməsi mümkün olan real təkliflər versinlər. Şuşa qəza rəisi çıxış edərək demişdir ki, ermənilərin yaşadığı yerlərdə taxıl təchizatı normaldır. Azərbaycanlıların yaşadığı Xıdırlı və Gülablı kəndlərində isə quraqlıq olduğundan çörək təchizatı pisdir. Bu kəndlərdə yalnız bir aylıq taxıl ehtiyatı var.

Cavanşir qəza rəisi çıxışında bildirmişdi ki, qənaət olsa, taxıl ehtiyatı çatar. Bu qəzaya lazım olan sənaye və çox işlənən mallar gətirilməlidir. Müşavirədə bildirilmişdir ki, Zəngəzur və Şərur-Dərələyəz qəzalarında maldarlıqla məşğul olan 17 min əhalini taxılla təmin etmək lazımdır. Qeyd olunmuşdu ki, bölgənin əhalisini taxılla təmin etmək üçün əkin sahələrini genişləndirmək lazımdır. Belə ki, məlum hadisələr zamanı əkin sahələri 50 faiz azalmışdır.

Müşavirədə daha sonra taxıl, sənaye və çoxişlənən malların qiymətləri məsələləri müzakirə edilmiş və onların həll edilməsi üçün qəza rəislərinə göstərişlər verilmişdir. Cavanşir qəza rəisinə tapşırılmışdır ki, Tərtər çayından ayrılan su kanallarının normal işləməsini təmin etsin. Sonra Şuşa qəza rəisi at-araba mükələfiyyəti haqqında çıxış etmişdir. Müşavirədə qərara alınmışdır ki, əlavə yük avtomaşınları alınsın və digər nəqliyyat vasitələri səfərbərliyə alınsın. Əhalinin yoxsul vəziyyətdə yaşayan hissəsi bu mükələfiyyətdən azad edilsin.(9, v.14).

İkinci iclasın gündəliyinə salınan bir sıra məsələlər - poçt-teleqraf xətlərinin çəkilməsi, yaşayış binalarının və Şuşadakı xəstəxananın təmiri və sair vəsaitin çatışmamasına görə onların həlli müəyyən vaxta qədər təxirə salınmışdır.

Əsas məsələlərdən biri də orduya çağırış və ordunun təşkil edilməsi idi. Ona görə təklif olundu ki, hər bir yaşayış məntəqəsində xüsusi icma komissiya yaradılsın və ona nəzarət gücləndirilsin.

1919-cu il fevralın 16-da Xosrov bəy Sultanovun yanında növbəti müşavirə keçirilmişdir. Burada əsasən məktəb məsələsi müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Qarabağ və Zəngəzurda erməni-azərbaycan münaqişəsi zamanı onsuz da sayca az olan məktəblər dağılmış və müəllimlər öz yerlərini tərk etmişlər. Müşavirədə Səhiyyə nazirinin nümayəndəsi C.Lənbaranski demişdir ki, Səhiyyə naziri Gendes respublikada yoluxucu və yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər görməyə başlamışdır. General-qubernator Şuşada 100 çarpayılıq xəstəxananın tikilməsi və lazım olan tibbi avadanlığın alınması və həkimlərə maaş verilməsi üçün vəsait ayrılmışdır. Lakin Xosrov bəy bildirmişdir ki, Qarabağ əhalisinə tibbi xidmət göstərmək üçün böyük bir xəstəxananı təkcə Şuşada yox, həm də əlverişli coğrafi mövqeyə malik olan Ağdamda da açmaq lazımdır. Bizim hazırladığımız lahiyəyə görə bütün qəzalarda xəstəxanalar açılmalıdır(10, v.18).