Добавить в цитаты Настройки чтения

Страница 24 из 83

Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra qarşıda duran ən əsas məsələlərdən biri Ermənistanla mübahisəli məsələləri dinc yolla nizama salmaq məsələsi idi. Lakin Azərbaycanın Ermənistanla mübahisəli ərazi məsələlərini dinc yolla nizama salmaq cəhdi müsbət nəticə vermədi. Ermənilərin bölgədə möhkəmlənməsi təhlükəli xarakter almışdı. Belə vəziyyət Azərbaycan hökumətini daha ciddi tədbirlər görmək zərurəti qarşısında qoymuşdu. Bu sahədə görülən tədbirlər arasında Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasını təmin etmək məqsədilə Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubernatorluğunun yaradılması xüsusi olaraq qeyd olunmalıdır.

Azərbaycan hökumətinin 1919-cu il yanvarın 15-də keçirilən iclasında Qarabağda vəziyyət haqqında daxili işlər naziri X.Xasməmmədovun məruzəsi dinlənilmişdir. Azərbaycan hökumətinin qərarlar jurnalından aydın olur ki, həmin iclasda aşağıdakı qərar (Daxili İşlər Nazirliyinə göndərilən 1919-cu il 15 yanvar tarixli, 359 saylı çıxarış) qəbul edilmişdir:

"Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları hüdudlarında - məruzədə göstərilən hüquq və vəzifələrlə müvəqqəti general- qubernator vəzifəsi təsis olunsun; Daxili İşlər Nazirliyinə tapşırılsın ki, hökumətin növbəti iclasınadək general-qubernator vəzifəsinə namizəd göstərsin və onun sərəncamına nə qədər məbləğdə vəsait buraxılmasının zəruriliyi barədə öz mülahizələrini təqdim etsin" (1, N 12, 1919).

Adı çəkilən qazalarda general qubernatorluğun yaradılmasının vacibliyi aşağıdakı amillələrlə izah olunurdu.

Birinci, Zəngəzur, Şuşa və qonşu qəzaların dağlıq hissələrində məskunlaşan ermənilər Rusiyadakı Fevral çevrilişi və Transqafqaz hökumətinin formalaşdığı vaxtdan etibarən daşnak təşviqatçılarının təsiri ilə təcrid olunmağa və özlərinin xüsusi inzibati vahidlərini (quberniyalarını) yaratmağa cəhdlər göstərməyə başlamışdılar. Bu zəmində də hökumətə itaətsizlik halları çoxalmış, bölgələrin müsəlman əhalisinə qarşı zorakılıqlar baş vermişdi.

İkinci, Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonra bölgələrdə yaşayan ermənilərin separatçılıq meylləri daşnak təbliğatının qüvvətlənməsi, daxildəki və xaricdəki bəzi qüvvələrin fəal yardımı hesabına daha da məqsədyönlü (Azərbaycandan ayrılaraq Ermənistana birləşmək) xarakter almışdır. Yeni yaranmış Azərbaycan hökuməti çoxlu ağır və kəskin probləmlərlə qarşılaşdığından, hələlik yalnız mərkəzdə öz dövlətçiliyini möhkəmləndirməyə imkan tapdığından, kifayət qədər hərbi qüvvəyə malik olmadığından, bir sıra regionlarla hərtərəfli əlaqələr saxlamağın qeyri-mümkünlüyü və s. ucbatından Zəngəzurda və onunla qonşu qəzalarda erməni separatçı hərəkatının qarşısını almaqda çətinlik çəkir.

Üçüncü, həmin bölgələri Azərbaycandan qopararaq Ermənistana birləşdirmək ideyasını açıq elan edən Andranikin hərbi hissələrinin bu yerlərə soxulması vəziyyəti daha da kəskinləşdirmişdir. Bu məqsədlə yerli ermənilər tərəfindən də silahlı dəstələr yaradılmış, onların azərbaycanlıların kəndlərinə basqınları çoxalmışdı. Nəticədə həmin ərazilərdə 150-dən çox Azərbaycan kəndi dağıdılmış, əhalinin çox hissəsi isə qonşu mahallara və hətta İrana üz tutmuşdur.

Dördüncü, yerli idarə orqanlarının nümayəndələri nə qədər təcrübəli olsalar da, ermənilərin ciddi hərəkatı ilə əlaqədar məsələlərdə və hadisələrdə sərbəst xətt yeritmək səviyyəsində deyildilər. Onların fəaliyyətinə fasiləsiz rəhbərlik və nəzarət edilməsinə ehtiyac duyulur. Qanuna görə bu iş Gəncə qubernatorunun səlahiyyətinə aid idi. Lakin baş verən hadisələr yerlərdə yerli idarə orqanlarının təcili tədbirlər görülməsini tələb etdiyi halda, qubernatorla əlaqə yaradılması nəinki xeyli vaxt aparır, hətta lazımı şərait olmadığından çətinlik yaranırdı. Deməli, yerlərdə xüsusi səlahiyyətləri olan və Mərkəz Azərbaycan hökumətindən bilavasitə zəruri göstərişlər ala biləcək xüsusi ali hakimiyyətin təşkili şəksiz zəruriyyət təşkil edirdi .(2,s.113).

Belə bir nəticəyə gəlmək olar ki, məruzədə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üçün mərkəzi Şuşa şəhəri olmaqla müvəqqəti general-qubernator vəzifəsi yaradılması zəruri hesab edilir. Əsas məsələ general-qubernatora mövcud qanunvericiliyə müvafiq hüquqlar və səlahiyyətlər verilməsi, məhkəmə və dövlət nəzarəti nümayəndələrindən savayı, qəzalardakı bütün idarələrin və vəzifəli şəxslərin ona tabe etdirilməsi qeyd olunurdu.

Müəyyən məsləhətləşmələrdən sonra Azərbaycan hökumətinin 1919-cu il yanvarın 29-dakı iclasında "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-nin məruzəsi" dinlənildi və aşağıdakı qərar qəbul edildi.



a) X.Sultanovun general-qubernator təyin edilməsi;

b) Nazirliyin 20 milyon manatlıq fondundan general-qubernatorluğun ehtiyacları üçün 5 milyon manat ayrılması;

v) Həmin məbləğdən 1 mil. manatın general-qubernatorun sərəncamına indi buraxılması, ondan isə 728 min 300 manatın qubernatorluğun ştatının saxlanması, 600 nəfərlik suvarı dəstənin təşkili və bir ay müddətində təmin olunmasına, 271 min 700 manatın isə gözlənilməz, təcili tədbirlərə xərclənməsi;

q) Yuxarıda qeyd olunan dəstənin sayının 3000 nəfərə çatdırılmasının mümkünlüyünü etiraf etməklə, bunun hökumətin xüsusi göstərişi ilə həyata keçirilməsi"(3, s.114).

Şuşaya gələn kimi Xosrov bəy Sultanov Qarabağ torpağını erməni quldur dəstələrindən azad etmək üçün gərgin fəaliyyətə başladı. O, 1919-cu il fevralın 12-də Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciət edərək onlara general-qubernatorluğun yaradılması səbəblərini izah etmişdir. Müraciətdə deyilirdi ki, Azərbaycan hökumətinin yanvar ayında verdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzaları xüsusi general-qubernatorluğa daxil edilmişdir. Bu fövqəladə tədbir onunla izah olunur ki, "Azərbaycanın ən gözəl güşələrindən olan dörd qəza bir ildən artıqdır ki, hərc-mərcliyin içindədir. Erməni quldurlarının rəhbərliyi altında silahlı dəstələr öz şəxsi iddialarını həyata keçirmək üçün kəndləri yandırır, əhalini məhv edir, minlərlə qadın və uşağı qaçqınlığa məruz qoyur. Bütün bunları nəzərə alaraq hökumət adları çəkilən dörd qəzada general-qubernatorluq yaratmağı nəzərə almışdır. Öz həyatını xalqına həsr etmiş bir ictimai xadim kimi mən bildirirəm ki, millətindən asılı olmayaraq qanunçuluğa və ədalətə ciddi əməl edəcəyəm və bildirirəm ki, general-qubernatorluğun rayonlarında yeganə hökumət — Azərbaycan hökumətinin hakimiyyətidir və hamı məcburi şəkildə ona tabe olmalıdır. Hər hansı bir şəkildə qayda-qanunun pozulması, hərc-mərcliyə gətirib çıxarmış hərəkət general-qubernatorluğun qanunları ilə ciddi şəkildə cəzalandırılacaq. Qanun qarşısında hamı bərabərdir(4,v. 13).

Xosrov bəy Sultanov Şuşada, Qarabağda və Zəngəzurda vəziyyətlə hərtərəfli tanış olmaq üçün ingilis, Azərbaycan və erməni nümayəndələrinin iştirakı ilə bir neçə rəsmi müşavirə keçirdi.

İlk müşavirə 1919-cu il fevralın 15-də keçirilmiş və aşağıdakı məsələlər müzakirə edilmişdir: Erməni-Azərbaycan münaqişəsi, erməni qaçqınlarının müvəqqəti məskunlaşdırılması və köç məsələsi;Milis orqanlarının fəaliyyətinin gücləndirilməsi və at-araba mükələfiyyəti.Ərzaq məsələləri,əkin və bağ sahələrinin genişləndirilməsi;Müsəlman qaçqınlarının öz yerlərinə qaytarılması;Tibbi işlər;Məktəb işləri;Çağırışçılar məsələsi;Poçt və teleqraf;Cari məsələlər.(5, v.11).

Müşavirədə çıxış edən Xosrov bəy Sultanov bildirmişdir ki, müşavirəni çağırmaqda məqsəd, onun iştirakçılarını ölkədə olan vəziyyətlə tanış etmək, müvafiq tədbirlər görməklə normal həyat tərzini bərpa etməkdən və həmçinin ahəngdar, planlı iş sistemi yaratmaqdan ibarətdir.

İclasda çıxış edən Cavanşir qəza rəisi Bəhram bəy Məlik Abbasov bildirmişdir ki, hələlik sakitlikdir, lakin "millət təəssübkeşləri" əhali içərisinə narazılıq salırlar. Onun verdiyi məlumata görə qəzada 48 erməni kəndi və 277 azərbaycanlı kəndi var. Əhalinin nisbəti isə belə imiş: 24607 nəfər erməni və 48064 nəfər azərbaycanlı. Onun dediyinə görə son məlumatda azərbaycanlıların sayının 63000 nəfər olduğu müəyyən edilmişdir.