Добавить в цитаты Настройки чтения

Страница 12 из 83

Aprelin 15-də etirazçılara rəhbərlik edən ölkə parlamentinin deputatı N.Paşinyan Yerevan sakinlərini kütləvi "vətəndaş itaətsizliyi" aksiyalarında iştirak etməyə, avtomobil yollarını bağlamağa, Yerevanın ətrafını mərkəzlə birləşdirən şəhər körpülərində hərəkəti dayandırmağa, Yerevanda metronun işinə mane olmağa, habelə bütün bank hesablarını nağdlaşdırmağa çağırıb. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün tamamilə inqilabi vasitələr yığını!

16 aprel səhər saatlarından etibarən Yerevanda etirazçılar Ermənistanın ən mühüm avtomobil magistralında yol hərəkətini dayandıraraq, paytaxtda nəqliyyat kollapsı yaradıblar. İddia edirlər ki, mitinq iştirakçıları ölkə parlamentinə doğru can atır, ayrı-ayrı vətəndaşlar isə yola uzanaraq, avtomobilləri buraxmırlar. Qeyd etmək lazımdır ki, təklif olunan tədbirlər qanun çərçivəsindədir.

Bir müddət əvvəl Paşinyan fəalları parlamentin binasını mühasirəyə almağa, habelə səsvermə günü deputatların hərəkətinin qarşısını almağa çağırıb.

Beləliklə, siyasi rejim formasının dəyişdirilməsi ərəfəsində Ermənistan siyasi qüvvələrinin ciddi kimi görünən qarşıdurması göz önundədir. Hadisələrin bundan sonrakı inkişafını necə proqnozlaşdırmaq olar? Ermənistanın siyasi və iqtisadi cəhətdən tam asılılığını yaddan çıxarmayaraq, ilk növbədə Kremlin mövqeyini, daha doğrusu, Rusiya prezidentinin nöqteyi-nəzərini aydınlaşdırmaq lazımdır. Cənab V.Putin üçün bu gün S.Sarkisyanın namizədliyinin alternativsiz olduğu düşünülür. Sabah nə olacaqsa, sabah olacaq. Müxalifətin siyasi birliyi məsələsi də kifayət qədər əhəmiyyətlidir və burada qeyd etmək lazımdır ki, S.Sarkisyan ölkənin siyasi həyatında taleyüklü çevrilişdən xeyli əvvəl əsas siyasi rəqiblərindən qurtulmağa müvəffəq olub, onlar öz ambisiyalarını xeyli azaldıblar. Bəlkə də buna görə etiraz hərəkatının başında "ikinci eşelon" müxalifət nümayəndələri durur. Nəhayət, nə qədər qəribə də olsa, 2016-cı il aprel müharibəsi, köhnə "keçiddə at dəyişdirməzlər" prinsipi ilə, S.Sarkisyanın sarsılmış mövqeyini xeyli möhkəmləndirib. Mətbuatın nəşrlərindən göründüyü kimi, L.Ter-Petrosyan - Ermənistanın birinci prezidenti də bu şüarla razılaşıb.

Amma proqnozlaşdırılan gələcəyin çərçivələrini daha da genişləndirsək və keçmiş prezidentin baş nazir seçiləcəyi ilə razılaşaraq, "yeni-köhnə" hakimiyyətin yaxın gələcəkdəki addımlarını müəyyən etməyə çalışsaq, yenə eyni problemləri görmək olar: Aİ və Rusiya arasında seçim, Qarabağ problemində tərpəniş, iqtisadiyyatda və demoqrafiyada ağır vəziyyətin dəyişdirilməsi, "özününkülər" və "özgələr" düşmənçiliyi ilə parçalanan erməni cəmiyyətinin birləşdirilməsi.

Ermənistan seçim astanasındadır...

Əlibəy Məmmədov

(Yaponiya)

Yaponiya elm dünyasında Azərbaycana maraq,



Azərbaycan Xalq Cumhuriyyəti və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi məqalələri əsas götürməklə

Açar sözlər: Məmməd Əmin Rəsulzadə, Azərbaycan Xalq Cumhuriyyəti, Dağlıq Qarabağ münaqişəsi

Giriş

Əsas mövzuya keçməzdən öncə, mənim Qarabağ Azadlıq Təşkilatı (bundan sonra “QAT”) və onun sədri Akif Nağı ilə tanışlığım barədə qısa məlumat vermək istərdim. QAT və onun sədri Akif Nağının Qarabağ məsələsində mövqeyi dəyişməz olaraq qalır. Onlar hər zaman Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu sadəcə hərbi yolda yəni müharibədə görürlər. Sülh danışıqlarını, xalq diplomatiyasını qətiyyən qəbul etmirlər. Bunun üçün səbəbləri də çoxdur. Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe və s. Böyük dövlətlər tərəfindən irəli sürülmüş xalq diplomatiyasına qarşı təkcə QAT deyil, ölkəmizin hakim dairələrində, eləcə də müxalif tərəfində, həmçinin elm dünyasında bir neqativ reaksiya mövcuddur. İlk öncə torpaqların geri qaytarılması və bundan sonra xalq diplomatiyasına üstünlük verənlər çoxdur, nəinki xalq diplomatiyasının münaqişənin həlli olacağına inananlar. Mənim üçün maraqlı olan məqam isə sırf hərb yolunu seçmiş, öz mövqeyində qərarlı və dəyişməz olan, bəzən həddindən artıq kəskin reaksiya verən Akif Nağının Qarabağ məsələsinin həlli yolları ilə bağlı digər fikirdə, müxtəlif qütblərdən olan şəxslərlə konstruktiv fikir mübadiləsi apara bilməsi, hər il “Qarabağ, dünən, bu gün və sabah” adlı elmi-əməli konfrans təşkil etməsi, bu konfransa Milli Məclisin deputatları, eyni zamanda politoloqlar, elm adamları və digər şəxslərin cəlb olunması Qarabağ məsələsinə olan marağın itməməsinə, onun daim təzə, sanki dünən olmuş məsələ kimi qalmasına, hər il ona yenidən həm siyasi şəxslər, həm elm adamları, eyni zamanda ictimai fəallar tərəfindən qiymət verilməsinə səbəb olur. Bunun özü böyük uğurdur. Həmçinin, elmi-əməli konfransda olan çıxışların kitab formasında çap olunması, onun kitabxanalara paylanması, elmi baxımdan yüksək qiymətləndirilməlidir. Bu kitablar, bu kitablarda olan elmi-siyasi məqalələr gələcək nəsillər üçün bir ədəbiyyat rolunu oynayacaqdır. İnformasiya mənbəyi olacaqdır. Tarix bir daha onu sübut edir ki, şifahi ədəbiyyat deyil, məhz yazılı ədəbiyyat əsas və həlledici rol oynayır. Bu baxımdan düşünürəm ki, yazılı ədəbiyyata bizdə daha çox diqqət ayrılmalıdır. Mən özüm də QAT-ın çap etdiyi bir çox kitabları Hokkaydo Universiteinin kitabxanasına hədiyyə etmişəm.

Mənim Akif Nağı ilə tanışlığım isə 2015-ci ilin Sentyabr ayına təsadüf edir. O zaman yaponiyalı dostum, elm adamı Taçibana Yu ilə birlikdə Azərbaycana elmi səyahətə gəlmişdik[39]. Onun Qarabağ araşdırmalarına böyük marağı var. Yaponiyanın elmi jurnallarında Azərbaycanla bağlı bir sıra məqalələri də dərc olunmuşdur. Taçibana Yu daha çox Azərbaycanda siyasi partiyalara, milli məclis seçkilərinə diqqət yetirmiş, 2008-ci ildə “Yeni Azərbaycan Pariyası (YAP) və onun siyasi sistemi”, 2011-ci ildə “2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər”, 2012-ci ildə isə “Mərkəzi Asiya Siyasi Araşdırmaları tərkibində Qafqaz” adlı məqalələrini dərc etdirmiş, Azərbaycanla bağlı Yaponiya elm dünyasında özündən söz etdirməyi bacarmışdır. Taçibana Bakıda təhsil alıb, araşdırmalar aparıb. 2013-cü ildə isə Yaponiyanın Hokkaydo Universitetində “Post-Sovet dövründə Azərbaycanda siyasi dəyişikliklər: Keçmiş Sovet regionlarında siyasi sistemlərin araşdırması” mövzusunda doktor (PHD) işini müdafiə etmişdir.

Onun doktor işi 5 fəsildən ibarətdir ki, onun 4-cü fəsli tamamilə Dağlıq Qarabağ münaqişəsinə aiddir. 1-ci fəsil Yeni Azərbaycan Pariyasına həsr edilib. Onun yaranması, fəaliyyəti, uğurları və s. 2-ci fəsli Milli Məclisə, 3-cü fəsli isə Azərbaycanda Prezident səlahiyyətlərinə (ölkə başçısının verdiyi fərmanlar və s), 5-ci fəsil isə Azərbaycanda siyasi-iqtisadiyyata həsr olunub. Taçibana Yu həm də bir azərbaycanşünas kimi Yaponiya elm dünyasında tanınır. Təbii ki, bir vətəndaş və elm adamı kimi Taçibana Yu-nun elmi işlərində, yazılarında razılaşdığımız və razılaşmadığımız məqamlar var. Hər bir elm adamının hər hansısa məsələyə fikrinin fərqli olması normal haldır və bu haqda müzakirələr etmək, elmi tənqidlər aparmaq olar.

Nə qədər maraqlı olsa da, məhz yaponiyalı Taçibana Yu, Hokkaydo Universitetinin yerləşdiyi Yaponiyanın Sapporo şəhərində Azərbaycana səfərimizlə bağlı planımızı müzakirə edərkən, Akif Nağı ilə görüşüb, onun mövqeyini də araşdırmağı mənə məsləhət görmüşdü. Ümumiyyətlə, Azərbaycanla və xüsusilə də, Qarabağla bağlı araşdırma aparan yaponiyalı elm adamları arasında QAT və Akif Nağı kifayət qədər tanınır. Taçibana Yu mənə dedi ki, sən sadəcə sülhpərəst elm adamları və siyasi elitanın nümayəndələrini oxuyub təhlil edirsən, mən məsləhət görərdim ki, Bakıda QAT-ın rəhbəri ilə də görüşək.

Beləliklə, mən və Taçibana 2015-ci ilin Sentyabrında Bakıda Akif Nağı ilə görüşüb, Dağlıq Qarabağla bağlı müsahibə götürdük. O, bizi çox xoş qarşıladı. Eyni zamanda, Qarabağla bağlı çap etdirdikləri kitaba məqalə yazmağımızı xahiş etdi. Bundan sonra mən “Qarabağ, dünən, bu gün və sabah” kitabının 2016 və 2017-ci illərdə çap olunmuş kitabları üçün iki elmi iş yazdım. 2016-cı ildə çap olunmuş 16 səhifəlik məqaləm “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı məcburi köçkünlər və ziyalıların gözü ilə” adlanırdı. Bununla bağlı Amerikada, Yaponiyada təşkil olunmuş dünya səviyyəli və regional səviyyəli konfranslarda elmi çıxışlarım olmuşdu. 2017-ci ildə isə “Şri-Lanka vətəndaş müharibəsindən Dağlıq Qarabağ münaqişəsinə baxış” adı altında təxminən 32 səhifəlik elmi yazım çap olundu. 2016-cı ildə Şri-Lankaya etdiyim səfər zamanı əldə etdiyim məlumatlardan istifadə etməklə yazdığım iş, bu sahədə bir ilk idi. Təbii ki, bu məsələnin üzərində hələ çox işləmək lazımdır. Bu il isə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə təsadüf edir. O baxımdan fikirləşdim ki, Yaponiyanın elm dünyasında Azərbaycan Xalq Cumhuriyyəti, eyni zamanda Dağlıq Qarabağla bağlı elmi araşdırmalar etmiş şəxslər və onların elmi işləri haqqında müəyyən qədər məlumat toplayım və bu haqda azərbaycanlı oxucunu məlumatlandırım.