Добавить в цитаты Настройки чтения

Страница 13 из 83

Əsas hissə

İlk öncə onu söyləmək istəyirəm ki, Yaponiyanın elm dünyasında Azərbaycana kifayət qədər maraq vardır. Bu haqda mənim Palitra qəzeti, 525-ci qəzetdə və bir sıra digər mətbuat orqanlarında müsahibələrim, yazılarım yer almışdır. Hər il mart ayında təşkil edilən Yaponiyada Mərkəzi Asiya və Qafqaz ölkələri ilə bağlı ən öndə gedən elm adamlarının üzvü olduğu və iştirak etdiyi “Yaponiya Mərkəzi Asiya Elmi Konfransı”nda son illər Azərbaycanla bağlı elmi çıxışların və yazıların sayı artır. Mən özüm də son 2 ildə bu konfransın üzvüyəm. Elmi konfransa rəhbərliyi hazırda Hokkaydo Universitetinin professoru, Mərkəzi Asiya Araşdırmalarında tanınan, hörmət olunan professor Uyama Tomohiko edir. Mən özüm ötən ilin mart ayında sözügedən konfransda Dağlıq Qarabağla bağlı çıxış etmişdim. Əsas diqqəti Məcburi Köçkünlərə yönəltmişdim[40]. Eyni zamanda çıxışımın əsas hissəsi yapon dilində konfransın elmi jurnalında çap olunmuşdur.

Bu il isə elmi tənqidçi kimi çıxış edirdim[41]. Bu ilki konfransda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi müzakirə edildi. Cari ilin mart ayının 24 və 25-də keçirilmiş Yaponiya Mərkəzi Asiya Elmi Konfransında AMEA-nın Tarix İnstitutunun dissertantı, “Tərəqqi” medallı, “Qabaqcıl təhsil işçisi”, 2010-cu ildə “İlin müəllimi” mükafatı laureatı, 147 saylı texniki-humanitar liseyin tarix müəllimi Güntəkin Məmmədova da iştirak edib. Güntəkin Məmmədova Yaponiyalı elm adamlarına aşağıdakı sualla müraciət etmişdir:

“Bilirəm ki, Yaponiyada Mərkəzi Asiya və Qafqaz regionu ilə bağlı çox araşdırmalar mövcuddur. Bildiyiniz kimi, Azərbaycan da dünyada Mərkəzi Asiya və Qafqaz araşdırmalarının tərkibində tədqiq olunan ölkələrdəndir. Bu il Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından 100 il keçir. 1918-ci ildə qurulmuşdur. Mən bilmək istərdim ki, Yaponiyada Azərbaycanla bağlı elmi araşdırmalar, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatlar hansı səviyyədədir? Ümumiyyətlə, Yaponiyanın elm dünyasında Azərbaycan tarixinə maraq varmı? Onu da deyim ki, Azərbaycan məktəblərində Yaponiyanın Tokuqava İyeyasudan (1603) sonrakı dövrü dərsliklərdə məktəblilərə tədris edilir. Təşəkkür edirəm”. Suala cavab olaraq, Yaponiyanın Tsukuba Universitetinin professoru Akifumi Şioya qeyd etdi ki, “Bildiyiniz kimi, Azərbaycanın Xalq Cumhuriyyətinin yaranmasına qədərki dövrü, Azərbaycanlı millətinin yaranması kontekstində Kyoto Universitetinin tədqiqatçısı Şionozaki Şinya araşdırmışdır və ötən il bununla bağlı yapon dilində geniş tərkibli kitab dərc etdirmişdir. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti və Məmməd Əmin Rəsulzadə ilə bağlı bir neçə elmi məqalələr çap olunmuşdur yapon dilində. Həmçinin, 1905-ci il Erməni-Azərbaycan qarşıdurması da Yaponiyanın elm dünyasında kifayət qədər tanınır”.

Bu ilki konfransla bağlı onu da qeyd edim ki, müstəqil Azərbaycan Respublikası ilə bağlı çıxışlar, suallar çox olmuşdur. Kyoto Universitetinin doktorantı İvakura Kou “Post-sovet dövrü Azərbaycanında dövlət və din” haqqında kifayət qədər maraqlı elmi çıxış etməklə, qeyd etmişdir ki, Azərbaycanda şiə və sü

Ümumiyyətlə, Yaponiya Mərkəzi Asiya Elmi Konfransının üzvü kimi son illər çap olunmuş elmi jurnallara göz gəzdirdikdə şahidi oluram ki, son illərdə Mərkəzi Asiya, xüsusilə Uyğurlarla bağlı tədqiqatlar əsas təşkil etsə də, son iki ildə təşkil olunmuş konfranslarda Azərbaycan adı daha çox eşidilmişdir. Bunun özü Yaponiyanın xüsusi dairələrində Azərbaycanın artan nüfuzundan xəbər verir.



Bundan əlavə 2017-ci ilin aprel ayının 15-də ABŞ-ın Kaliforniya Ştatının San-Fransisko şəhərindən təşkil edilmiş Qərb Sosial Elmləri Assosiasiyasının (Western Social Science Association) 59-cu illik konfransında[42], Sentyabr ayının 23-də Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən Hosey Universitetində təşkil edilmiş Yaponiya Siyasət Elmləri Konfransında, oktyabr ayının 22-də Tokio şəhərində yerləşən Hitotsubashi Universitetində təşkil edilmiş Rusiya-Şərqi Avropa Elmi Konfransında, 2018-ci ilin Fevral ayının 4-də, Tokionun Vaseda Universitetində təşkil edilmiş gənc alimlərin konfransında Qarabağ münaqişəsi ilə bağlı elmi tədqiqatlarımı dünya və Yaponiya alimlərinin diqqətinə çatdırmışam. Eyni zamanda, 2017-ci ildə Hokkaydo Universitetinin tələbələrinə Azərbaycan Multikulturalizmi ilə bağlı dediyim dərslərdə də Azərbaycanın haqlı mövqeyi haqqında kifayət qədər məlumat verməyə çalışmışam[43]. Azərbaycan hökümətinin dəstəyi ilə tələbələrin Azərbaycana səfərləri də təşkil olunmuşdur.

Qeyd etmək istərdim ki, yapon dilində çap olunan bütün elmi məqalələrin elektron variantını özündə cəmləşdirən bir baza vardır. ci.nii.ac.jp saytıdır. Bu sayta daxil olub, yapon dilində açar sözü kimi “Azərbaycan”「アゼルバイジャン」 sözünü yazıb axtarış edəndə 188 ədəd elmi məqalə kəşf etdim. Təbii ki, bunların hər biri haqqında məlumat vermək zaman və kitabda səhifələr baxımından qeyri-mümkündür. Bu səbəbdən də hazırda daha aktual olan məsələlər haqqında qısa məlumat vermək istərdim.

Azərbaycanlı milləti haqqında:

Bu məqalələr arasında daha çox Şionozaki Şinya-nın “azərbaycanlı” millətinin yaranması, Taçibana Yu-nun Azərbaycanda siyasi partiyalar, Milli Məclis, Hirose Youko-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazıları gözə çarpır. Eyni zamanda, Azərbaycanın neft strategiyası və iqtisadiyyatı ilə bağlı yazılar da çoxdur. “Azərbaycanlı” millətinin yaranması ilə bağlı Şionozaki Şinyanın 2017-ci ilin mart ayında Kyoto Universiteti tərəfindən çap edilmiş kitabı elmi baxımından çox maraqlıdır. Onun kitabında razılaşmadığımız, mübahisə etmək istədiyimiz məqamlar olsa da, Yaponiya elm dünyasında Azərbaycanın tanıdılması baxımından kifayət qədər qiymətli kitabdır. Azərbaycanda yaşayan insanların “müsəlman” və “tatar” adlandırılması ilə bağlı mühüm qeydlər etmişdir. O bildirmişdir ki, Rusiyada yaşayan müsəlmanlar o zaman ümumi olaraq “tatar” adlandırılırdılar. Ona görə Qafqazda yaşayan müsəlman azərbaycanlılar da bu baxımından ümumi olaraq “tatar” kimi qeyd olunurdu. “Müsəlman” adlandırılmaları isə dinlə bağlı olan bir məsələ idi. Bu millətlə bağlı ola bilməzdi. 19-cu əsrin ikinci yarısından başlayaraq yerli ziyalılar düşünməyə başlayırlar ki, bu millət tatarlardan da türklərdən də fərqlidir. Fars da deyil, ərəb də deyil. Müsəlmanlıq isə dinlə bağlı olan bir məsələdir. Millət ola bilməz. Bundan sonra “azərbaycanlı” sözü daha çox istifadə edilməyə başlayır. O, kitabında qeyd edir ki, 19-cu əsrin ortalarına kimi Azərbaycan ziyalıları öz dillərini “azərbaycan dili” deyil, “türk dili” və ya “tatar dili” kimi qeyd edirdilər. Lakin, ziyalılar öz dilləri ilə türk dili və tatar dilinin fərqli olduğunu bilirdilər, hiss edirdilər. Sadəcə digər bir ad verməmişdilər. Şionozaki Şinyanın araşdırmalarında göstərilir ki, “Azərbaycan dilinin dərsliyi” adı altında ilk kitab 1888-ci ildə Tiflisdə çap olunmuşdur. Buna qədər yerli ziyalılar türk dili və ya tatar dilinin dərsliklərini çap edirdilər. Onun kitabında olan qeydlərinə inansaq, “azərbaycan dili”nin dil adı kimi işlənməsi 19-cu əsrin 2-ci yarısında bir sıra digər kitablarda da yer almışdır. Bu kitablarda dil olaraq “türk-azərbaycan dili” və ya “azərbaycan dili” ifadələri yer almışdır.

Şionozaki qeyd edir ki, yerli adi insanlar da tatar və türk dilləri ilə öz dillərinin fərqli olmasını başa düşürdülər sadəcə nə adlandıracaqlarını bilmirdilər. Bu zaman yerli ziyalılar Azərbaycan dili ifadəsini işlətməyə başlayırlar, bu haqda kitablar dərc edirlər. Və “azərbaycan dili” ifadəsi yerli xalq arasında geniş yayılmağa başlayır.