Добавить в цитаты Настройки чтения

Страница 11 из 83

Onu da etiraf edək ki, hadisələri düzgün qiymətləndirsəydik, gözləmə mövqeyi tutmasaydıq, səsimizi ucaltsaydıq bəlkə də bu faciələrlə üzləşməzdik.

Doğma yurd-yuvanı tərk etmək ağırdır. Ata-babalarımızın ruhu yaşayan, doğulub boya-başa çatdığın, hər qarışında, hər bulağında, hər daşında min bir xatirə yaşayan doğma yurddan ayrılmaq həqiqətən ağır dərddir.

Respublikamız həyəcanlı, çətin günlər keçirmişdir. On minlərlə azərbaycanlı doğma ocağından, el-obasından didərgin düşmüşdür. Açılmış süfrəsini yığışdırmağa macal tapmayanlar da, qoyun-quzunu, mal-qaranı mələşə-mələşə, ocağını yana-yana qoyub gələnlər də var.

Söz vaxtına çəkir deyirlər. O vaxt da Şuşada və ətraf kəndlərdə yaşamış insanlardan eşitdiyimiz xatirələrdə deyilirdi: “Şuşada, eləcə də Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində son günlər xüsusilə dözülməz vəziyyət yaranmışdır. Elə kəndlər var idi ki, hər tərəfdən erməni kəndləri ilə qonşudur. Hər gün basqınlar, təhqirlər təkrar olunurdu. Digər tərəfdən, adi məişət qayğıları, ərzaq və digər çətinliklər adamları səbirsiz etmişdi”.

Tarixin ayrı-ayrı dövrlərində, o cümlədən son 30 ildə indiki nəsillərin gözləri qarşısında və iştirakı ilə baş verən qanlı hadisələr, dağıntılar göstərir ki, insanların hamısı olmasa da, bir hissəsi hələlik böyük mədəniyyətlə barabər həm də böyük vəhşiliyi, ədalətsizliyi özündə daşıyır. Heç bir ən yırtıcı heyvan belə insanın Qarabağda və onun ətrafında törətdiyi vəhşiliyi, qəddarlığı etməmişdir. Erməni qəsbkarlarının əli ilə çıxarılmış gözləri, sinəsinə çalın-çarpaz dağ çəkilmiş uşaqları, qadınları, dağılmış ailələri, viran qalmış kəndləri, şəhərləri gözlərinin qarşısına gətirəndə istər-istəməz fikirləşirsən ki, insan formalaşmağa başladığı min illər ərzində mədəniyyətin yüksək tərəqqisinə nail olmaqla yanaşı özünün ilk əcdadına məxsus vəhşiliyin bir hissəsini də qoruyub saxlamış, inkişaf etdirərək ən yüksək səviyyəyə çatdırmış, ona yeni forma və məzmun vermişdir. Ermənilərin Xocalı və Qarabağın başqa kənd və rayonlarında törətdikləri soyqırımı buna bariz misaldır.

İllərdir ki, Qarabağ münaqişəsi hələ də öz həllini tapmamışdır.

Erməni tərəfin nöqteyi-nəzərincə, Qarabağ probleminin həlli üçün anti-müstəmləkə (ermənilər iddia edirlər ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycan Respublikasının tərkibinə öz iradəsi ilə daxil olmayıb) və xüsusən, transdövlət səviyyələrində təyinetmələr daha artıq maraq doğurur.

Azərbaycan tərəfinin fikrincə isə, Qarabağ münaqişəsində qonşu dövlətin ərazisinin işğalı və onu müqəddəratı təyinetmə kimi təqdim etmək cəhdi göz qabağındadır. Dağlıq Qarabağın ayrılma hüququ Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığının saxlanılması prinsipinə nəzərən birincilik qazanır. Erməni tərəfi isə öz müqəddəratını təyinetmə hüququ sayəsində Dağlıq Qarabağın erməni etnik qrupu ya öz suveren dövlətini yaratmaq, ya da Erməni Respublikası ilə birləşmək hüququna malik olduğunu fikirləşir.

Azərbaycan tərəfi qeyd edir ki, bu gün dünyada heç kəs, o cümlədən E.R dövlət səviyyəsində Dağlıq Qarabağı müstəqil dövlət qismində tanımağa risk etmir, Azərbaycan Respublikasının ərazi bütövlüyünü isə bütün beynəlxalq sənədlər təstəkləyir.

Sabaha ümidlə baxan hər bir sadə insanlar möhkəm inanırlar: vaxt gələcək, burada ellərimizin əbədi və doğma həyatları, mahnıları əvvəlki kimi yenə də ucalacaq.

Bu il ermənilərin Azərbaycan xalqının başına gətirdiyi qətllərdən 100 il keçir. 100 ildi ki ermənilər öz havadarları ilə birlikdə məkirli ideyalarını həyata keçirməyə çalışırlar. “Böyük Emənistan” yaratmaq xülyası ilə yaşayırlar. 100 il ərzində bu niyyətlərini həyata keçirmək üçün müxtəlif qətllər törədirlər.

Bu gün dünyanın bir çox qaynar nöqtələrində insanlar məhv edilir. Axırıncı 30 il ərzində bu torpaq igidlərimizin qanı ilə suvarılır, uğrunda ən yaxşı oğullarımız, qızlarımız şəhid olur. Tükənmək bilməyən faciələr xalqımız üçün sınaq meydanına çevrilmişdir. Yurdunu, torpağını canından yüksək tutan cavanlarımız hər gün ölümlə pəncələşir. Qəribədir, onlar bu barədə heç düşünmürlər də. Bu müharibənin mahiyyətini anlamaq üçün gərək səngərlərdən keçəsən. Ana torpaq uğrunda ölümə gedən, şəhidlik donunu geyinən övladlarımız var. İlk şəhidlərimizin ailələri ilə maraqlananda görürsən ki, onların əksəriyyəti müharibədən əvvəl doğma torpaqlarından gedib qəribliyə üz tutanlardır. Bu insanları heç kəs məcbur edib səngərlərə, odun-alovun içərisinə atmayıb. Doğma torpaqlarının təhlükədə olduğunu eşidib onun harayına gəliblər. Adil Quliyev, Şikar Şikarov, Fəxrəddin Musayev və onlarla belə övladlarımız düşmənlə üzbəüz dayanaraq əbədiyyətə qovuşublar. Təki vətən sağ olsun.



Əli Abasov

Ermənistanın seçimi

Bu məqalə Ermənistan Respublikasının Milli Məclisində birinci baş nazir seçkilərinə və bu dövlətin parlament idarəetmə üsuluna keçməsinə bir gün qalmış yazılır. Aprelin 17-dən - müstəqil Ermənistanın siyasi tarixinin dönüş nöqtəsindən əvvəl nələr baş verib?

Sarkisyanın Ermənistanda ikinci prezidentliyinin əvvəllərindən, bəlkə də Gürcüstanda islahatlardan sonra, parlament idarəetmə formasına keçid ideyası məşhurluq qazandı.

2014-cü ilin aprelində prezident Konstitusiya Məhkəməsinin üzvləri qarşısında çıxış edərkən rəsmi olaraq bildirib: "... mən, Serj Sarkisyan, heç vaxt Ermənistan prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Ermənistan Parlament idarəetmə sisteminə keçərsə, baş nazir vəzifəsinə namizəd olmayacağam. Bundan başqa, əminəm ki, eyni insan iki dəfədən artıq Ermənistan rəhbəri roluna iddia etməməlidir". Bu gün bu sözləri bir çox siyasətçilər Sarkisyana xatırladırlar və hələ çox xatırladacaqlar. Baxmayaraq ki, Sarkisyanın doğma Respublika Partiyası artıq prezidentin öz sözlərindən dönmədiyini, "partiyanın sıravi üzvü kimi" onun qərarına tabe olmaq məcburiyyətində qaldığını bəyan edib.

Ölkənin yeni prezidenti Ermənistanın Böyük Britaniyada keçmiş səfiri Armen Sarkisyan seçilib. Bundan sonra Ermənistan baş naziri Karen Karapetyan başda olmaqla, Ermənistan hökuməti istefa verib.

2018-ci il aprelin 9-da Ermənistan baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan üçüncü prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyini təklif edib. Bu iltifata cavab olaraq Konstitusiyada nəzərdə tutulmayan baş nazirin birinci müavini vəzifəsi tətbiq edilib. Bu dəyişikliyin Karen Karapetyanın iltifatının əvəzi olduğuna heç bir şübhə yox idi.

Bununla əlaqədar fevralın 6-da Ermənistan Milli Məclisində "Ermənistan hökumətinin strukturu və fəaliyyəti haqqında" qanun layihələri müzakirə olunub. Düzəlişlərə əsasən, indi, Ermənistan parlament idarəetmə formasına keçərkən, ölkədə baş nazirin bir müavini yerinə üç müavini olacaq, onlardan biri baş nazirin birinci müavini adlanacaq. Düzəlişlər baş nazirin səlahiyyətlərini o dərəcədə genişləndirir ki, bu, müxalifətin ölkədə "yeni diktatura" formalaşdığını bəyan etməsi üçün əsas verib. Belə ki, hazırda hökumət nəzdində orqan olan polis və milli təhlükəsizlik xidməti baş nazirin tabeliyinə veriləcək. Maraqlıdır ki, Ermənistan Milli Məclisinin dövlət-hüquqi məsələlər komissiyası baş nazirin rolunu xeyli artıran qanunvericilik təşəbbüslərinə müsbət rəy verib.

KİV-in məlumatına görə, aprelin 16-da Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyaları koalisiyası və Ermənistanın Daşnaksütun İnqilab Federasiyası Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Maraqlıdır ki, fraksiyaların iclasında yalnız bir namizəd irəli sürülüb, o da yekdilliklə təsdiq edilib. Göründüyü kimi, namizədliyin Parlamentdə səsvermədən bir gün əvvəl təsdiq edilməsinin arxasında müxalifətin kütləvi etiraz aksiyalarından qaçmaq cəhdi durur.

Amma müxalifət çoxdan Parlamentin 17 aprel iclasında yenə həmin S.Sarkisyanın yeni baş nazir seçiləcəyindən, onun əlində daha çox hakimiyyətin cəmləşəcəyindən əmindir. Aprelin 13-də Yerevanda Azadlıq meydanında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz mitinqi elan olunub. Müxalifətçilər söz veriblər ki, bu, dörd günlük gecə-gündüzlü mitinq olacaq, aprelin 17-də parlamentdə yeni baş nazir məsələsi həll olunana qədər davam edəcək. Parlamentin deputatı, "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" təşəbbüsü əhalini "ayıltmaq" məqsədilə iki həftə ərzində Ermənistanın şəhərlərini və kəndlərini piyada gəzib.