Добавить в цитаты Настройки чтения

Страница 69 из 83



Xalqımıza qarşı xəyanətkar və düşmən olan ermənilər, Rus milli şurası, Xəzər matrosları, eser və menşeviklər arasında şaiyə yayırdılar ki, “Evelina” gəmisində Lənkərana qayıdan zabitlər tapşırıq almışlar ki, müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-malakan kəndlərini məhv etsinlər (5, v.74.). Bakıda Azərbaycanın türk-müsəlman əhalisinə qarşı olan siyasi və hərbi qüvvələr “Evelina” gəmisində olan zabitlərin tərki-silah olunmasına tərəfdar oldu. S.Şaumyan, A.Caparidze, Q.Korqanov, J.Suxatsev, S.Saakyan, M. Jolçuyan, N.Nərimanovdan ibarət İnqilab Müdafiə Komitəsi yaradıldı. İnqilabi Komitənin təşəbbüsü ilə “Evelina”nın yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərkisalah olundu. 1918-ci il mart ayının 30-da axşam saat beşdə Bakıda ilk atəşlər eşidildi. Özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütyun” və Erməni Milli Şurası bu ilk atəşlərdən sonra Bakı Sovetini müdafiə etdilər. Bakı şəhəri və ətrafında tarixə qanlı faciə kimi daxil olan mart qətlləri üç gün davam etdi. On minlərlə günahsız türk-müsəlman əhalisi erməni silahlı dəstələri tərəfindən amansızcasına qətl olundular. Fövqəladə İstintaq Komissiyasının ümimiləşdirdiyi hesabatına görə 1918-ci ilin mart ayının 18-dən 21-nə (30 mart – 1 aprel) kimi 12 min türk-müsəlman əhalisi “əksinqilabçı ” adı ilə qətlə yetirilmişdir (6, s.173).

Bu hadisələrin təşkilatçısı S.Şaumyan türk-müsəlman əhalisinə qarşı törədilmiş soyqırımını saxtalaşdıraraq “vətəndaş müharibəsi” donu geyindirilməsinə, qətl olunanların sayının azaldılmasına cəhd edirdi. O, aprel ayının 13-də Moskvaya-XKS-yə göndərdiyi hesabatda utanmadan qeyd etmişdir ki; “Üç gün – 30, 31 mart və 1 apreldə Bakı şəhərində şiddətli vuruşma olmuşdur. Bir tərəfdən Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz Beynəlmiləl Qırmızı Ordu, Qırmızı Donanma və erməni milli hissələri, o biri tərəfdən ”Müsavat” partiyasının başçılıq etdiyi... müsəlman “Vəhşi diviziya”sı və silahlı müsəlman quldur dəstələri vuruşurdular. Bizə aviasiya məktəbinin hidroaeroplanları da kömək etdi... Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın edilmişdir. Hər iki tərəfdən öldürülən üç mindən artıqdır. Onlar Bakıda üstün gəlsəydilər, səhəri Azərbaycanı paytaxt elan edən bütün qeyri-müsəlman ünsürlər tərksilah edilib qırılırdı” (7, s.249-250).

Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilmiş soyqırımı təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Bakı quberniyasının Xəzər sahili Quba, Şamaxı, Lənkəran qəzalarında da türk-müəlman əhalisinə qarşı soyqırımı həyata keçirildi. Xəzər sahili qəzalara “sovet qoşunları” adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni “hərbçiləri” S.Lalayev, İ.Əmiryan, H.Hamazasp rəhbərlik edirdilər.

Şamaxı qətlami “Qanlı mart təqvimi”ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət artıq müsəlmanların başçılıq etdikləri yerli milli şuranın əlində cəmləşmişdi. Bakıdakı bolşevik – daşnak Soveti bunu öz hakimiyyətinə qarşı ciddi təhlükə hesab edirdi (8). Şamaxıda olan ermənilər və molokanlardan ibarət olan hərbi qarnizon yerli milli Şura tərəfindən tərksilah olunmuş və onun əvəzində türk-müsəlmsnlardan ibarət yeni qarnizonun təşkilinə başlanmışdır (9, s.341). Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq üçün Şamaxı xüsusi əhəmiyyətə malikdir.

1918-ci ilin mart ayının birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan Şamaxiya toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla iki mindən üç minə dək erməni qoşunu dəstəsi gəlir. Bu silahlı dəstəyə S.Şaumyandan xüsusi təlimat almış S.Lalayev başçılıq edir. O, gətirdiyi sursatı və silahı Şamaxı qarnizonuna verməkdən imtina etmişdir.

Matr ayının 15-də sübh tezdən S.Lalayevin dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlman yaşayan hisələrini top atəşinə tutdu. Bu atəş nəticəsində dinc əhali arasında çoxlu sayda tələfat oldu (8). Üç gün sonra mart ayının 18-də gecə vaxtı Şamaxıya cənubdan ermənilər, şimaldan isə malakanlar tərəfindən mühasirə olundu. Onlar şəhərin müsəlman hissəsini bombalamağa başladılar. Ermənilər və molokanlar axşama yaxın şəhərin ən varlı hissəsi olan “Piran-Şirvan”a daxil oldular. Türk-müsəlman əhalisinin evləri yandırılır, qaçan əhali küçələrdə güllələnirdi. Erməni-molokan silahlı quldur dəstəsinin üzvləri evlərə soxulur sakinləri amansızcasına qətlə yetirir, qarət edir, zorlayırdılar. Şəhərin küçələrində türk-müsəlman meyidləri üst-üstə qalaqlanmışdı” (8).

Qırğın və qarətlər Gəncədən türk-müsəlman dəstəsi Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etmişdi. Ermənilər və molokanlar yaşayan Qazlı kəndinə çəkildilər. Gəncəlilər ermənilər və molokanların sayca onlardan bir neçə dəfə çox olduğunu görüb salamat qalmış bütün müsəlman əhalisini Şamaxını tərk edərkən özləri ilə apardılar. Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və molokanlar Şamaxını ikinci dəfə zəbt etdilər. Bakı Sovetinin bolşevik – daşnak qoşunları tərəfindən Şamaxı şəhəri və qəzasının 72 kəndi dağıdıldı (8). Şamaxı qırğınlarında 8 min nəfərə qədər türk-müsəlman öldürüldü. Onların 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Yerli əhaliyə dəyən maddi ziyan o dövrün qiymətləri ilə bir milyard rubldan çox idi (10,v.7).



Bakı quberniyasının Xəzər sahili Quba qəzasında qırğın törədən quldur dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazasp rəhbərlik edirdi. 1918-ci ilin aprel ayında Hamazasp rəhbərlik etdiyi bolşevik-daşnak quldur dəstəsi Bakı quberniyasının Xəzər sahili Quba qəzasının 122 türk-müsəlman kəndlərini dağıtmış, on minlərlə türk, dağlı, ləzgi məhv olunmuşlar (11, v.5-8). Daşnak dəstəsi Quba-Xaçmaz bölgəsində dəhşətli vəhşilikər törədirdi.

Bakı quberniyasının Xəzər sahili Lənkəran qəzasının türk-müsəlman əhalisi də bolşevik-daşnak silahlı dəstələrindən ciddi ziyan çəkmişlər. Lənkəran qəzasında iki min nəfərlik bolşevik-daşnak birləşməsinin qanlı terror və vəhşi qarətin qarşısını Zaqafqaziya Seyminin bölgədə olan gürcülərdən ibarət silahlı dəstələri almışlar (1, s. 306).

1918-ci ilin mart-aprel aylarında kütləvi qanlı qırğınlar törətmək məqsədilə “Sovet hakiiyyəti”nin daşnak-bolşevik dəstələri Bakı quberniyasından sonra Azərbaycanın digər ərazilərini işğal etmək fikrində idi. Bolşevik-daşnak dəstələrinin əsas hədəfi Yelizavetpolu (Gəncəni) ələ keçirmək idi. S.Şaumyan ermənilərin üsyana qaldırmaqla Gəncə və Qarabağda daşnak-bolşevik silahlı dəstələrini gücləndirmək istəyirdi. Bolşevik-daşnak hərbi birləşmələri Bakı quberniyasının üç gün əzində 12 mindən çox (6, s. 173; 12, s.46) Şamaxı qəzasında 80 kəndi dağıtmış, Şamaxı şəhəri əhalisi daxil olmaqla 10 mindən çox Quba qəzasında 122 kəndi dağıtmış, 16 min nəfərdən çox və Göyçay, Kürdəmir, Salyan, Lənkəran qəzasında 4 mindən çox türk-müsəlman əhalisi qırmışlar (13, s.213). 1918-ci ilin yazı və yayında Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şimali Şərq-Quba və Xaçmaz bölgələrində hərbi əməliyyatlar gedirdi (3, v.51).

1918-ci il may ayının 11-də Batumda Zaqafqaziya və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar davam etdirilirdi. Azərbaycanı M.Ə.Rəsulzadə və M.H.Hacınski təmsil edirdilər. Türkiyə tərəfini Xarici İşlər naziri Xəlil Paşa, Qafqaz cəbhəsi komandanı Vehib Paşa və hərbi nazir Ənvər Paşa başçılıq edirdilər (1, s. 309). 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyəti haqqında Əqdnamə (Akt) qəbul etdi (1, s.315-316). 1918-ci il iyun ayının 4-də Osmanlı imperiyası ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq haqqında müqavilə imzalandı. Azərbaycan Cümhuriyyətinin bu ilk müqaviləsi ölkələr arasında siyasi, hüquqi, iqtisadi və intelekktual əsasda səmimi dostluq münasibətlərini təsbit edilməsi üzrə qarşılıqlı saziş idi (14, v.1).

Tiflisdən 18 günlük fəaliyyətindən sonra Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Azərbaycana kömək üçün göndəriləcək təşkil olunmuş, Qafqaz Türk İslam Ordusuna 20 nəfərədək zabit seçildi. Nuru paşa Qafqaz İslam Ordusunun təşkili üçün lazım olan kadrları seçmək üçün təyyarə ilə Mosula uçdu. O, Mosulda 6-cı ordudan 149 zabit, 488 gizir və əskər seçdi. Nuru Paşa seçilən zabit və əskəri heyətlə Azərbaycana yola düşdü. Onun seçmiş olduğu hərbi heyət irəliləyərək Rəvandüzdən keçib, aprelin 26-da Persaya, aprelin 29-da Sovuçbulağa və mayın 9-da Təbrizə çatdı (13, s.213-214).