Добавить в цитаты Настройки чтения

Страница 2 из 48

Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.

Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaqlarını bildirən dövlət başçımız qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.

Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi. Düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu.

Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsidir.

Ekspertlərin fikrincə, üç dövlət başçısının imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdı. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi. Yuxarıda vurğulandığı kimi, cənab Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun güc-qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Beləliklə, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi Azərbaycanı Böyük Qələbəyə qovuşdurdu. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi. Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərin yağı tapdağından xilas edilməsi Silahlı qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.

I HİSSƏ. İKİNCİ QARABAĞ MÜHARİBƏSİ



Birinci Qarabağ müharibəsi

Birinci Qarabağ müharibəsi həm Azərbaycandan, həm də Ermənistandan təxminən 725.000 azərbaycanlının və 300.000-500.000 erməninin köçürülməsi ilə nəticələndi. “Bişkek” protokolu döyüşləri sona çatdırdı və Ermənistan Dağlıq Qarabağ və ətrafındakı azərbaycanlıların yaşadığı Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını işğal etdi. “Bişkek” protokolunun şərtləri münaqişəni dondurdu və sülh prosesi yaratmaq üçün beynəlxalq vasitəçilik cəhdləri ATƏT-in Minsk Qrupu tərəfindən 1994-cü ildə başladıldı. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə işğalçı qüvvələrin Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çəkilməsini tələb edən dörd qətnamə qəbul etdi. 2008-ci ildə Baş Assambleya erməni işğalçı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən bir qərar qəbul etdi. Buna baxmayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ buna əleyhinə səs verdilər

Atəşkəs dövrü və sülh danışıqları: Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış “Bişkek” protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Beynəxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. 2011-ci ildə Rusiyanın təşəbbüsü iə Kazanda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın işğal etdiyi 7 rayonu Azərbaycana qaytarmağa hazır olduğunu bildirən “Kazan” sənədini imzalamaqdan imtina etdi. Bunun səbəbi isə Azərbaycanın ətraf rayonlarla yanaşı, Dağlıq Qarabağ bölgəsinin də Azərbaycandan kənarda istənilən statusunu istisna etməsi idi. Formal olaraq, 2016-cı ildən sonra “Madrid” prinsipləri, yaxud konfiqurasiyaları əsasında davam edən sülh danışıqları prosesi, 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.

Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin 1919-cu il Paris Sülh Konfransında təqdim etdiyi xəritədə əks olunan Şuşa, Qaryagin və Zəngəzur qəzaları. Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən "yeni torpaqlar üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan Qilahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. 23 iyulda isə Ermənistan Silahlı Qüvvələri Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında, təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.