Добавить в цитаты Настройки чтения

Страница 3 из 83

Dədəmgilin bağlı-bağatlı həyətində bir guşə də vardı. Çiçəklərlə əhatələnmiş, nanə döşəməli, qızılgül ətirli bir bağça və bu bağçanın ortasında bir su quyusu. Suyu bumbuz. Qaçmaqdan, oynamaqdan yorulanda ağzımızı “şlanka” dirəyib dişlərimiz üşüyənəcən içərdik.

Məhlə uşaqları yığışıb ortada qaldı, yeddi şüşə, beşdaş və daha nə oyunlar oynayardıq... Nə günlər idi... Yox elə bilməyin ki, biz günlərimizi yeməklə, oynamaqla keçirərdik. Dərs də oxuyurduq, ev işlərinə də kömək edirdik - quzu otarırdiq, toyuqlara dən verirdik, tütün əkirdik, tütün yığırdıq, su daşıyırdiq, həyət süpürürdük və daha nələr, nələr. Hər şeyə də vaxt çatırdı. Bir də axı mən uşaq olanda günlər uzun idi.

Amma, mən uşaq olanda bu kəndi heç bəyənməzdim. Meşəsı, dağı, şəlaləsi yoxdu, işləri çoxdu deyərdim kəndimizin. Tez böyüyüb şəhərə getmək istəyərdim.

...Və bir gün fələyin çərxi döndü, böyüklü-kiçikli hamımız şəhərli olduq... O mahnıdakı kimi, “Öz qoynuna aldı bizi, bu buruqlar şəhəri”. Üzümüzdə təbəssüm dondu, ağzımızın dadı qaçdı... Daha uşaq deyildik, bir gündə böyümüşdük sanki. Uşaqlığımız xatirələrimizə qarışıb kənddə qalmışdı. Daha oyun oynamırdıq, indi oyunu həyat bizə oynayırdı. Kəndləri şəhərlər, evləri yataqxanalar, həyətləri küçələr əvəz edirdi. “Sən ey uşaqlıq, sən bizdən uzaq düşdün artıq, de səni yellər apardı, ya soyuq əllər apardı”. İndi həyat başqa idi. Indi kənd uşağı sözünü “opşijitel uşağı”, “qaşqın uşağı”sözü əvəz edirdi. İndi yataqxanalarda böyüyürdü uşaqlar. “Görmədik biz gül dəstəsi, görmədik biz oyuncaq”- bax bu isə əsl qaşqın uşağının həyatı idi. İndi nağıllar “biri vardı, beşi yox” deyə başlayırdı.

... Əslində hər şey çoxdan başlamışdı. Lakin, 1993-cü ilin avqustunda vəziyyət daha da ciddiləşdi. Amma təəssüfki, o vaxtlar mən kənddə deyildim. Ali məktəbə qəbul imtahanı üçün mayın sonlarında Bakiya gəlmiş, lakin imtahanların vaxtı uzadıldığı üçün geri dönə bilməmişdim. Şəhərə üz tutanda hardan biləydimki, birdə heçvaxt bu kəndə dönə bilməyəcəm. Və hardan biləydim ki, vaxt gələcək doğma kəndimə 25 illik həsrətimi ovutmaq üçün yaxınlarımın göz yaşları ilə anlatdıqları kəndin son günlərindən bəhs edən ağrılı-acılı heykayələri yazmaqla təsəlli tapacağam.

Kiçık bacımın danışır ki: “Axşamtərəfi idi, toran vurulmuşdu. Kəndə qəfildən bir uğultu düşdü. Sanki yarpaqlar da, güllər də uğuldayırdı. Bu uğultunu dillə ifadə etmək mümkün deyil. Hamı üzüaşağı yüyürməyə başladı. Hay düşdü ki, Ramazan ölüb. Anam da hamı kimi Ramazangilə tərəf qaçdı. Ramazangilin evi bizə çoxda yaxın deyildi. Ancaq səslər eşidilirdi. Hamı vəlvələyə düşmüşdü. O günə qədər heç kəs ermənidən qorxmurdu. Amma Ramazan ölmüşdü, yəni erməni Ramazan kimi oğulu öldümüşdüsə... Axı Ramazan deyirdiki, “Əzrayıl məndən qorxur”. Mamam yasdan qayıdanda dedi ki, Cəbrayılı alıblar. Amma Bakı yolunu bağlamayıblar. Çox həyəcanlı nə narahat idi. Sonra ürəyi getdi, hüşunu itirdi daha nə hallara düşdu. Qorxusu qızlarından idi. Bircə onu deyirdi ki, qızlarımı kənddən çıxarmalıyam. Xocalı təkrarlana bilər. Çünki yolu bağlasalar biz mühasirədə qalırdıq. Böyük bacım ikinci kursda oxuyurdu. Yay tətili üçün kəndə gəlmişdi. Biz topun-tüfəngin səsinə öyrəşmişdik, amma o şəhərdən təzə gəldiyi üçün atışma səslərinə öyrəşməmişdi, çox qorxurdu. Mamam bizə dedi ki, hazırlaşın dayın sizi şəhərə aparacaq, amma çantanı balaca tutun, maşında yer olmaz. Bacım ağlaya-ağlaya albomdan şəkilləri çıxarmağa başladı. Mən ona güldüm, o isə acıqlandı ki, tez ol paltarını yığ. Mən getmək istəmirdim, getməyəcəm deyirdim. O gecə kənddə heç kim yatmadı, hamı qorxu içində idi. Işıqların sönməsi camaatı daha da vahimələndirdi. Hər gələn səsə elə bilirdik ermənidi. Əslində ölümdən qorxmurduq. Mən neçə vaxt idi qardaşımın cəbhədən gətirdiyi qranatı gizlətmişdim. Fikirləşirdim ki, xəyallarımı həyata keçirmək vaxtıdır. Düşünürdüm ki, heçnə edə bilməsəmdə ən azından qranatla tankın altına girib bir erməni tankını məhv edərəm. Amma anamın həm o hallara düşməsi, həm də mənə qışqırıb acıqlanmağı, Xocalının təkrarlanması qorxusu, mənə daha çox etiraz etməyə imkan vermədi. Həm də baxdım ki, etirazımın faydası yoxdur. Maşına oturub kənddən çıxanda mən bilirdim ki, bu sondu. Yola çıxanda istədim qışqırıb dayıma deyəm ki, saxla düşüm, mən getmirəm. Amma demədim, dönüb qəbristanlığa baxdım... Ordan Bakiya neçə saatlıq yolu necə gəldiksə onu xatırlamıram, çünki bütün xəyalım kənddə qalmışdı. O gün kənddən ancaq qızları çıxarmışdılar, oğlan uşaqları, hətta analar da əksəriyyəti kişilərlə bərabər kənddə idi”.



Bəli o gün – avqustun 25-i kəndimiz ilk şəhidini qarşıladı. O günə qədər kəndimizin neçə igid oğlu döyüşlərdə yaralansada, sağalıb yenidən cəbhəyə qayıtmışdı. Amma Ramazan qayıda bilmədi. O gün, Mütəllim müəllimin sözləri ilə desək, “Ölümü öldürən oğul” ölümsüzlüyə qovuşdu. O gün - kəndimiz ilk şəhidi ilə qaralara boyandığı gün - elektirik işığı da həmişəlık kəsildi. O gün kəndimizin işıqlı günlərinin sonu, qaranlıq günlərinin başlanğıcı oldu.

Böyük bacımın deyir ki,

“Axşamüstü işıqlar sönmüşdü. Hava qaralmağa başlayanda qışqirıq və ağlaşma səsləri kəndi bürüdü. Hay düşdü ki, Ramazan ölüb. Çox ağır və dəhşətli gecə idi. Işiqlarin kəsilməsi gecənin dəhşətini daha da artırırdı. Qaranlıq gecədə kənd sanki ulayırdı. Mən çox qorxurdum. Bacım isə qorxmurdu. Silah səslərini sayırdı. Hamısını da səsindən tanıyırdı. 7 alazan, nə bilim neçəsə qrad və s. Gecə səhərə kimi üç evin arasında qaldıq – dədəmgil, əmimgil və biz. Saat 3-də əmimgilə getdim. Əmim qızı pərişan halda pilləkəndə oturmuşdu. Gecəni yatmadıq. Səhər 6-da evdən çıxdıq...

...Anam hazırlaşın, Bakıya, dayıngilə gedirsiz deyəndə elə bilirdim ki, biz gedəcəyik anam, atam və qardaşlarım burda öləcəklər. Anam gecə bizə son nəsihətlərini verdi. Dedi “belkə biz də gələrik, bəlkə də qismət olmaz bizi birdə görməzsiz. Böyük sənsən, bacıların sənə əmanət, bir-birinizdən muğayət olun, bir-birinizə həyan olun, ağılla-başla dayıngildə oturun, dayının sözündən çıxmayın”. Mən ağlayırdım elə bilirdim ki, onları birdaha görməyəcəyəm. Tələbə yataqxanasında tanış olduğum Xocalıdan olan iki bacı yadıma düşdü. Bütün ailə üzvləri Xocalıda ermənilər tərəfindən öldrülən bu qızlar deyirdi ki, ailəmizdən bizə bircə şəkil belə qalmayıb. Ağlaya-ağlaya albomdan bir-neçə şəkil çıxartdım. Paltarlarımı bir çantaya yığdım. Tələbə yoldaşlarıma söz verdiyim üçün iki gün əvvəl uşaqlarla Quru dərəyə qalxıb, meymungülü, solmazçiçəyı və başqa şəfalı bitkilər yığmışdım. Bir çantaya da bu çiçəkləri və iki kitab - Dəri xəstəlikləri ensiklopediyası və Sabirin “Hophopnamə”sini qoydum. 15 yaşlı kiçik bacım getməyəcəyəm deyə inad edir, heç paltarlarını da yığmırdı. Anam ona acqlandı və dedi ki, mütləq gedəcəksən. O, çarəsiz halda otağa keçdi və qardaşımın ona verdiyi hərbi formanı geyib qayıtdı. Sübh tezdən dayım bacımla məmi, iki körpə uşağıyla əmim qızıni, özünün 11 yaşlı qızını və 7 yaşlı kiçik oğlunu götürüb kənddən çıxdı. Yolda yadıma düşdü ki, tələbə yoldaşlarıma söz verdiyim dərman bitkiləri və sevimli kitablarım yadımdan çıxıb qalıb. Kənddə maddi olaraq qalanlardan ən çox təəssüfləndiyim o iki kitab və yığdığım çiçəklər oldu... Kənddən çıxıb Cəbrayıla doğru irəlilədikcə rastlaşdığımız mənzərə çox dəhşətli idi. Müharıbə və qaçqınlar barədə, köç edən insanlar barədə çox filmlərə baxmışam. Ancaq o yollarda gördüyüm və heç vaxt unutmadığım mənzərəni nə yerli, nə də xarici filimlərdə göctərilməyiblər. Baxdıqca sonu görünməyən insan və heyvan köçü, hamının əlində, belində bağlamalar. Heyvanların da üstünə yük yığmışdılar. Hətta itin də belinə yük bağlamışdılar. Camaat yollarda pərişan, yorğun, ətraf pintilik, qan içində ölüb qalan heyvan leşləri, minik maşınının yük yerindən başı görünən inək balası, yolun kənarlarında his basmış çaydanlarda çay qaynatmağa çalışan adamlar və s. Ətrafdakı mənzərənin ağırlığından dayımın halı pisləşirdi, maşını güclə idarə edirdi. Bir arada dayım dağın başındakı silahlıları gösrərib dedi ki, ermənilərdi, yəqin yolu özləri açıq saxlayıblar ki, camaat getsin. Çox sıxlıqdan irəliləmək mümkün olmurdu. Hər an atacaqlar, hücüm edəcəklər qorxusu ilə zərbənin haradan gələcəyini gözləyirdik. Həycan icində 4-5 saatlıq yolu 12 saata gəldik. Axşam saat 7-də Lökbatanda yaşayan dayımın evinə çatdıq. Böyük dayım bizi yerləşdirib sabah erkəndən geri qayitdi”.