Добавить в цитаты Настройки чтения

Страница 18 из 83

7 nəfərlik heyətin əksəriyyəti peşəkar hüquqşünas, 3-ü qeyri-azərbaycanlı idi. Müxtəlif vaxtlarda komissiyanın tərkibində başqa hüquqşünaslar da fəaliyyət göstərmişdir. Komissiya tərkibinin əmək haqları və ezamiyyə xərclərinin həcmi qərarla müəyyənləşdirilmişdi.

1918-ci il iyulun 15-dən 1919-cu il noyabrın 1-nə qədər fəaliyyət göstərmiş FTK azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətləri təhqiq etmək üçün gərgin iş aparmışdır. Son dərəcə ağır şəraitdə, müxtəlif xəstəliklərin, dəhşətli epidemiyaların tüğyan etdiyi qəzalarda, kəndlərdə təhqiqat aparan komissiya üzvləri hətta açıq səma altında, qapısız-pəncərəsiz evlərdə döşəmə üstündə işləməli və gecələməli olurdular. Nəqliyyat vasitəsi ən ağrılı problemlərdən idi. Kilometrlərlə məsafəni piyada qət etmək lazım gəldiyindən komissiya üzvlərinin əməkhaqqı sıradan çıxmış çəkmələrini yeniləməyə belə imkan vermirdi (5, s.48-49). Beləki, istər 31 avqust, istərsə də 22 sentyabr 1918-ci il tarixli hökumət qərarları ilə komissiyanın üzvləri yalnız bu məqsədlə işlədikləri günlər üçün əməkhaqqı almaq hüququna malik idilər (3;1, c.1 s.380). Bütün maddi məhrumiyyətlərə və fəaliyyət çətinliklərinə baxmayaraq komissiya üzvləri sədr Ə.Xasməmmədovun dönə-dönə vurğuladığı «Qanun və vicdanın aliliyi» prinsipinə söykənərək 36 cild və 3500 vərəqdən ibarət material toplamışdı. Komissiyanın fəaliyyətinə əngəl törətməyə çalışan qüvvələr azərbaycanlıların kütləvi qətliamına səbəb olmuş, birbaşa iştirak və rəhbərlik etmiş təşkilatlar idi. Qırğınlardan bir il sonra, günahkarlar istintaqa cəlb edilməyə başlayanda Bakıda Erməni Milli Şurası və «Daşnaksutyun» partiyasının parlament fraksiyası həmişə olduğu kimi, ermənilərin müdafiəsinə qalxmış, onların günahsız olduqlarını sübut etməyə çalışmışlar (1, c.1, s.380).

FTK-nın fəaliyyəti Bakı və Gəncə quberniyalarının ərazilərini əhatə edirdi. Göyçay, Şamaxı, Cavad, Quba, Cavanşir, Cəbrayıl, Şuşa, Zəngəzur qəzalarında, o cümlədən Bakı, Quba və Şamaxı şəhərində müsəlmanlara qarşı törədilmiş vəhşilikləri sübut edən məlumatlar toplanmışdı.

Artıq 1918-ci ilin noyabrında FTK-nın sədri Ə.Xasməmmədov Bakı quberniyasının ərazisində, yəni Bakı şəhərində, Göyçay qəzasının kəndlərində, Şamaxı qəzasının kəndlərində, o cümlədən Şamaxı şəhərində müsəlmanlara qarşı törədilmiş zorakılıqların təhqiqatı haqqında ədliyyə nazirliyinə məlumat vermişdi. Noyabrın 22-də imzaladığı məruzədə Bakı şəhərində müsəlman əhaliyə qarşı zorakılıqlar haqqında ilkin də olsa bitkin məlumat verilmişdi. 1918-ci ilin yanvarından başlayaraq «Daşnaksutyun» partiyasının qırğına təhrikedici fəaliyyətini, martın 30-dan isə baş verən qətliamı bir neçə nümunənin təfərrüatına varmaqla əks etdirən məruzə erməni millətçiliyini ifşa edən hüquqi sənəddir. Yalnız erməni silahlılarının deyil, erməni ziyalılarının da müsəlman qırğınlarında nəinki yönəldici, həm də iştirakçı rolunu diqqətə çatdıran məruzədə ermənilərin başqa siyasi qüvvələri, qeyri-müsəlman əhalini yanlış məlumatlandıraraq azərbaycanlılara qarşı çıxmağa təhrik edən təxribatları da konkret faktlarla göstərilmişdir (5, s.679-684). Sentyabrın 22-dən oktyabrın 23-nə qədər ötən bir ayda komissiya üzvü N.M.Mixaylov Göyçay qəzasında təhqiqat işi aparmış, 500-dən çox şahid dindirilmiş, qırğın törədilən yerlərə baxış keçirilmişdir. Komissiyanın işini yekunlaşdırmasına qədər müsəlmanlara qarşı törədilmiş vəhşiliklər haqqında Parisə yola düşən Azərbaycan nümayəndə heyətini məlumatlandırmaq lazım gəlirdi. Başlıca məqsədi Azərbaycanın müstəqilliyini beynəlxalq səviyyədə tanıtmaq olan nümayəndə heyəti qarşıda onu nə gözləyəcəyini bilmədən azərbaycanlıların başına gəlmiş faciəni də çatdırmaq üçün əsaslı materiallara malik olmalıydı. Bu məqsədlə FTK-nın sədri Ə.Xasməmmədov 1919-cu il yanvarın 6-da müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi (1, c.1 s.380). Əsasən 3 aylıq bir təhqiqat işinin nəticələrini özündə əks etdirən materiallarda İrəvan quberniyasında, Gəncə quberniyasında törədilmiş qırğınlar, dağıntılar haqqında da məlumatlar göstərilmişdi. Paris konfransına yola düşən nümayəndə heyəti üçün FTK «əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı» (1, c.1, s.380).



1919-cu il martın 21-dən FTK-nın fəaliyyəti yeni məzmun alır. Ədliyyə nazirinin məruzəsi əsasında hökumətin qəbul etdiyi qərarla FTK-nın səlahiyyətləri genişləndirilir, cinayət prosesinin nizamnaməsinə görə məhkəmə-istintaq orqanına verilmiş bütün hüquqlara sahib olur (3,s.291). Belə bir zərurəti nəzərə alaraq Ədliyyə nazirliyinin idarə müdiri 1919-cu il yanvarın 5-də Nazirlər Şurasına məruzə ilə müraciət etmişdi. FTK-nın dinc müsəlman əhaliyə qarşı ağır cinayət hallarına dair çoxsaylı material topladığı halda məhkəmə-istintaq orqanı səlahiyyətlərinə malik olmadığından, bütün bu cinayətlər haqqında ədliyyə nazirinə məlumat verməsi və sonradan məhkəmə icraatına uyğun ilkin araşdırma aparmaqla günahkarlara qarşı cinayət işi qaldırmaq barədə sərəncam verilməsi məqsədəuyğun sayılmamışdır (5, s.684-685). Bütün təhqiqatın, uyğun səlahiyyətləri və yetərli texniki qüvvələri olan istintaq idarəsinin əlində cəmləşməsi gərəkirdi. Araşdırmanı ləngitməmək, yenidən ilkin mərhələyə qayıtmamaq, təhqiqatı daha səmərəli aparmaq üçün FTK-nın istintaq hərəkətlərinin qüvvəsinə və əhəmiyyətinə malik olduğunu tanımaq lazım gəlirdi. Bu şərtlər daxilində ədliyyə nazirliyi tərəfindən 5 bəndlik müvafiq qərar qəbul edildi. Hüquqi statusu artırılan FTK artıq cinayətlərinə müvafiq olaraq günahkarları məsuliyyətə cəlb etmək üçün qərarlar qəbul edirdi. Komissiya üzvü A.Kluqe sədrə etdiyi məruzədə Bakı şəhərində müsəlman əhaliyə qarşı törədilmiş zorakılıqlar haqqında ətraflı məlumat verməklə, cinayət törətməkdə adları hallanan şəxslər əleyhinə konkret maddələr üzrə cinayət işi açmağı lazım bilirdi (5, s.687-701). Bakı ilə yanaşı digər qəzalarda törədilmiş qırğınlarla əlaqədar istintaq işi aparılırdı. Gəncə quberniyasının Ərəş və Nuxa (Şəki) qəzalarında komissiya üzvü N.Mixaylov, Quba qəzasının kəndlərində və Quba şəhərində A.Novatski müsəlmanlara qarşı qətliam, qarət və talanlar haqqında məruzələr hazırlayıb komissiyaya təqdim etmişdilər. İstintaq materialları əsasında hazırlanmış məruzələrdə cinayəti törətmiş şəxslərin adları göstərilməklə haqlarında müvafiq hüquqi tədbirlərin görülməsi təklif edilirdi.

FTK-nın 1919-cu ilin yayından etibarən rəsmi sənədləri əsasən cinayətkarların cəzalandırılması haqqında qərarlardan, polis idarələri ilə yazışmalardan, sorğu protokollarından ibarət olmuşdur. Azərbaycanlıların qırılmasında müqəssir olan şəxslər artıq məsuliyyətə cəlb edilirdi. Ümumiyyətlə 3500 vərəqdən ibarət 36 cildlik istintaq materialı əsasında cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı (1, c.1, s.380). 1919-cu il noyabrın 1-də ədliyyə naziri FTK-nı ləğv etmək haqqında sərəncam vermişdi. Artıq başa çatmış istintaq işləri Məhkəmə Palatasına verilirdi. İstintaq materialları cinayətkarların cəzalandırılması məqsədilə yalnız hüquqi deyil, həm də başqa bir mühüm istiqamətdə siyasi əhəmiyyət daşıyırdı. Azərbaycanlıların məruz qaldığı faciəni dünya ictimaiyyətinə çatdırmaq, xaricdə ermənilərin böhtan dolu hücumlarını dəf etmək üçün FTK-nın topladığı materiallar əsaslı sübutlar idi. Parisdəki Azərbaycan nümayəndə heyəti üçün olduqca önəmli olan bu sənədlərin bir hissəsi də əlavə olaraq 1919-cu ilin mayında, fotoşəkillər və 80-dək diapozitivlə birlikdə göndərilmişdi (5, s.52). FTK erməni talanları zamanı müsəlman əhaliyə dəymiş maddi zərər haqqında da xeyli material toplamışdı. Hökumət 1919-cu il avqustun 17-də daha bir xüsusi komissiya təsis etmişdi ki, 1918-ci ilin mart hadisələri zamanı müsəlman əhalini qarət etmiş qəsbkarlardan götürülmüş qiymətli əşyaların sahiblərinə geri qaytarılması məsələsini həll etsin (5, s.53).

Azərbaycan hökumətini «intiqam və düşmənçilik» hisslərini qızışdırmaqda günahlandıran erməni liderləri bir neçə ay davam etmiş amansız kütləvi qətliamdan sonra nəinki peşmançılıq jesti göstərmədən, əksinə komissiyanın işinə böhtan, çirkab atmaqla cinayətkarları müdafiə edirdilər. Azərbaycan hökuməti «intiqam və düşmənçilik» hisslərindən uzaq olduğunu bir daha nümayiş etdirərək Azərbaycan Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması münasibətilə on minlərlə dinc azərbaycanlını amansızcasına, vəhşilikdə qətlə yetirmş cinayətkarların işinə xitam verdi (3, s.143).